İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib
04.04.2011 10:10Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib. Dövlətimizin başçısı Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda görülən işlərlə də tanış olub.
İqtisadiyyat naziri Şahin Mustafayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.
İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə mühüm işlər görülür.
Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir. Həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlayıb, ölkəmizdə yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib. Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan sənaye müəssisələrində tullantıların təkrar emalı kimi yeni sahələr inkişaf etdirilməklə, xammal idxalından asılılıq azaldılır, resurslara və enerjiyə qənaət olunur ki, bu da ölkədə “yaşıl iqtisadiyyat”ın yüksəlişinə geniş imkan yaradır.
Qeyd edək ki, təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədilə Prezident İlham Əliyevin 2011-ci il dekabrın 28-də imzaladığı Sərəncam ilə Balaxanı Sənaye Parkı yaradılıb. Sərəncamla İqtisadiyyat Nazirliyinin “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Balaxanı Sənaye Parkının idarəedici təşkilatı təyin edilib və Parkın yaradılması üçün Balaxanı qəsəbəsində 7 hektar torpaq sahəsi ayrılıb. Balaxanı Sənaye Parkının yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir.
Həmçinin Balaxanı Sənaye Parkının rezidentlərinə, digər sənaye parklarının rezidentləri kimi dövlət tərəfindən bir sıra güzəştlər edilib. Belə ki, rezidentlər 7 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad olunur, sənaye parkında istehsal sahəsinin qurulması və məhsul istehsalı məqsədilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğular ƏDV-dən və idxal rüsumundan azad edilir. Balaxanı Sənaye Parkının ərazisində infrastruktur obyektlərinin qurulması və rezidentlərin tələblərinə uyğunlaşdırılmış istehsalat binalarının tikintisi dövlət vəsaiti hesabına həyata keçirilib. Bundan başqa, Balaxanı Sənaye Parkında rezidentlər üçün xarici və daxili infrastruktur qurulub, yol salınıb, əraziyə elektrik, qaz, su, kanalizasiya və rabitə xətləri çəkilib, lazımi kommunikasiya sistemi yaradılıb, istehsal sahələri, ofis və əməliyyat binası tikilib. Artıq ümumi sahəsi 12 min kvadratmetr olan anqar tipli 15 istehsalat binası rezidentlərin istifadəsi üçün tam hazırdır. Sənaye Parkının Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonuna, tullantıların çeşidlənməsi və yandırılması zavodlarına, o cümlədən əsas nəqliyyat qovşağına yaxın olması, logistika, xammal və enerji təchizatına, eləcə də istehsal olunmuş məhsulun asanlıqla satış bazarına çıxarılmasına əlverişli imkan yaradır. Hazırda Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə qeydiyyata alınan 5 rezident tərəfindən 23 milyon manat investisiya yatırılıb.
Balaxanı Sənaye Parkında ilkin mərhələdə ümumilikdə 400-ə yaxın daimi iş yeri yaradılacaq.
Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı Balaxanı Sənaye Parkında yaradılan müəssisələrlə yaxından tanış oldu. Sənaye Parkının rezidentlərindən biri “Az.Ekol.” MMC-dir. Qurumun rəhbəri Ruslan Ağayev cənab Prezidentə istehsal və sosial göstəricilər haqqında təqdimat keçirdi. Müəssisə plastik-PET butulkaların təkrar emalından plastik qırıntıların istehsalı üzrə fəaliyyət göstərəcək. Layihənin ümumi investisiya məbləği 1,5 milyon manatdır. Müəssisənin illik istehsal gücü 1500 tondur. İstehsal sahəsində 30-dan çox daimi iş yeri açılacaq. İstehsal prosesi zamanı plastik butulkalardan alınacaq yüksək keyfiyyətli plastik qırıntıların xarici ölkələrə ixracı nəzərdə tutulur. Gələcəkdə qırıntılardan son məhsul olan plastik ipliyin istehsalı da planlaşdırılır.
Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılıb. Bu sahəyə yönəldilən investisiyalar keyfiyyətli yerli məhsulların istehsalının genişləndirilməsinə hərtərəfli təkan verir. “Az.Ekol.” müəssisəsinin yaradılması da məhz rəqabətədavamlı və müasir standartlara cavab verən bu sahənin inkişafına mühüm töhfə hesab oluna bilər. Belə layihələrin reallaşması dövlətimizin başçısının verdiyi tapşırıqların icrasının uğurlu və davamlı xarakter daşıdığını nümayiş etdirir.
Sonra xatirə şəkli çəkdirildi.
22.09.2017